Sakit Qocayev/ Bakıxanov 13a Ünvanımız
09:00 - 18:00 İş saatı

“Hədəf pedaqoji seminarı – 15” adlı təlim-seminar baş tutdu.

Sen 04, 2023
“Hədəf pedaqoji seminarı – 15” adlı təlim-seminar baş tutdu.

31 avqust, 2-3 sentyabr tarixlərində Hədəf Liseyinin Abşeron filialında yeni işə qəbul olmuş yüzdən çox müəllim heyətinin olduğu “Hədəf pedaqoji seminarı – 15” adlı təlim-seminar baş tutdu.

hedef.edu.az istinadən ... xəbər verir ki, təlim-seminarın açılışını edən Hədəf Şirkətlər Qrupunun elm və təhsil üzrə direktor müavini, “Hədəf Nəşrləri”nin icraçı direktoru Nizami Hüseynov qonaqları salamladıqdan sonra müsahibədən uğurla keçən müəllimləri təbrik etdi. O təkcə bu il 200-dən çox insanın Hədəf Şirkətlər Qrupu ilə yeni əməkdaşlığa başladığını bildirdi.
Nizami Hüseynov qəbul nəticələrinin açıqlandığını, Hədəf Liseyinin 100 %, Hədəf Kurslarının da 100 %-ə yaxın bir nəticə ilə bu tədris ilini başa vurduğunu əlavə etdi.

Hədəf Kurslarının Nizami filialında riyaziyyat müəllimi kimi fəaliyyət göstərmiş II Qarabağ müharibəsi şəhidi Qoşqar Ömərovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq əsas hədəflərinin cəmiyyət üçün sağlam düşüncəli, vətənini, xalqını sevən və xidmət edən vətəndaş yetişdirmək olduğunu bildirdi. Hədəf konsepti ilə yeni müəllimləri tanış etdi. Liseyin partnyorlarından, Kembric məktəbi ilə əməkdaşlıqlarından, balabilgələrdən, dəyərlər həftəsindən danışdı. Şəmil Sadiq qeyd etdi ki, şagirdlər tətildən qayıtdıqdan sonra dərslərə uyğunlaşmaları zaman alır. Buna görə ilk dəyərlər həftəsi “Nizam-intizam” adlanır. Bu, balabilgələrin uyğunlaşma prosesini daha da sürətləndirir. Sonda balabilgə andı ilə bağlı video nümayiş olundu.

Hədəf Kursları Nizami filialının müdiri Elvin Əliyev təlimdə qonaqlara Hədəf Şirkətlər Qrupunun qurucuları, strukturu, idarə heyəti və şirkətin qolları barədə ətraflı məlumat verdi.

Hədəf Şirkətlər Qrupunun elm və təhsil üzrə direktor müavini Nizami Hüseynov “Testologiya” mövzusu ilə iştirakçıların qarşısına çıxdı. İdeal sual yaratmağın yollarından, məqsədin qoyuluşunun önəmindən, əlavə test hazırlamağın vacib olduğundan danışdı.

Hədəf Liseyi Bakı filialının icraçı direktoru Aytən Hüseynova “Pedaqoqun davranış kodeksi” adlı mövzu ilə çıxış edərək müəllimlərin davranışları qədər geyimlərinə də diqqət etməli olduqlarını, bunun şagirdlərin təlim və tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

Hədəf Liseyi Abşeron filialının icraçı direktoru Cahid Hüseynov “Pedaqoqun etik qaydaları, çətin tərbiyə olunan şagird” adlı mövzu ilə çıxış etdi. Müəllimlik meyarlarından, müəllimin cəmiyyətdəki rolundan, səriştəsindən danışdı.

Hədəf Kursları Xırdalan filialının müdiri Şakir Hüseynov “Hədəf Kurslarında dərs cədvəlləri, dərslərin təşkili” adlı mövzu ilə nitqinə başladı. Dərs proqramı və dərsliklər, məsuliyyətin vacibliyindən bəhs etdi. Şakir Hüseynov qeyd etdi ki, şagirdlə bağlı problem yaranarsa, rəhbərliyə məlumat verilməli, rəhbərlik bunu valideynə çatdırmalıdır.

Hədəf Kursları Sumqayıt filialının müdiri Vüsal Heybətov “Hər bir müəllim menecerdir” adlı mövzu ilə çıxış etdi. Vüsal Heybətov qeyd etdi ki, müəllim menecer ola bilər, amma menecer müəllim ola bilməz. Eyni zamanda müəllimdə öyrətmə, idarəetmə, nəzarət kimi bacarıqların əhəmiyyətindən bəhs etdi.

Hədəf Şirkətlər Qrupunun Təlim və Karyera Mərkəzinin mütəxəssisi Fərid Seyfullayev “Kooperativ mədəniyyət” mövzusu ilə davam etdi. Koqnitiv və emosianal mədəniyyətdən, seçimlərdən, müəllimlərin şagirdlərə yanaşmasının dərsin keyfiyyətinə təsirindən danışdı.

Hədəf Şirkətlər Qrupunun Təlim və Karyera Mərkəzinin mütəxəssisi Yaşar Zeynalov “Yerli və beynəlxalq olimpiadalara hazırlıq”, Hədəf Kembric Məktəbinin rəhbəri Eren Kancılar “Kembric təlimi” mövzusunda çıxış etdilər.

Hədəf Liseyinin Abşeron filialında Riyaziyyat kafedrasının rəhbəri Fatimə Kərimli “Hədəf konseptində BİMM və MİS.edu.az” adlı mövzu ilə bağlı danışdı. Balagilgə İnkişafının Müşahidəsi Mərkəzindən (BİMM), onun fəaliyyət istiqamətlərindən bəhs etdi. Təlim iştirakçılarının sualları cavablandırıldı.

Liseydə işləyəcək müəllimlərə Hədəf Liseyinin Masazır filialının akademik işlər üzrə direktoru Püstəxanım Səfərova liseyin daxili qayda-qanunlarından, tədris planından, məktəblərdən fərqli olaraq liseydə təşkil olunan kafedralardan bəhs etdi.
Kurslarda fəaliyyət göstərəcək müəllimlərlə Hədəf Kurslarının icraçı direktoru Səftər Əlsafanın interaktiv təlimi baş tutdu.
İştirakçılar kafedralar üzrə bölündülər. Təlimçilər tərəfindən dərs prosesi, proqram, sualların hazırlanması, şagirdlərə ev tapşırığının hansı meyarları nəzərə alaraq verilməsi və ağıllı lövhənin təyinatı barədə ətraflı məlumat verildi.

Sonda iştirakçılara sertifikatları təqdim olundu.