Şəhid müəllim Qoşqar Ömərovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi
7 fevral 2025-ci il tarixində Hədəf Kursları Nizami filialında 44 günlük Vətən müharibəsində Füzuli cəbhəsindən Şuşaya qədər şərəfli döyüş yolu keçmiş, şəhid müəllim Qoşqar Səxavət oğlu Ömərovun doğum gününə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə şəhidin iş yoldaşları, döyüş yoldaşları və kursun şagirdləri iştirak etdilər.
Anım mərasimi bir dəqiqəlik sükutla şəhidimizin xatirəsini yad etməklə başlandı, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Hədəf Kursları Nizami filialının müdiri Mehman Muxtarov tədbiri açaraq şəhid müəllim Qoşqar Ömərovun həyat və döyüş yolu haqqında məlumat verdi.
Daha sonra Hədəf Kursları icraçı direktoru Səftər Əlsafa çıxış edərək Qoşqar müəllimin fədakarlığından, şagirdlərin milli ruhda yetişməsinin vacibliyindən və vətənpərvərliyin əhəmiyyətindən danışdı. O, gənclərə Vətəni və milləti sevməyin, onu qorumağın müqəddəs bir borc olduğunu vurğuladı.
Sonda Hədəf Kursları Nizami filialının müdir müavini, Azərbaycan dili müəllimi və şəhidimizin döyüş yoldaşı Zülfüqar Novruzov çıxış edərək Qoşqar müəllimin döyüşlərdəki cəsarətindən, şücaətindən və qəhrəmanlığından bəhs etdi, onunla bağlı döyüş xatirələrini bölüşdü.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!