14 noyabr 2021-ci il tarixində Hədəf STEAM Liseyi Masazır filialının idman zalında Hədəf Şirkətlər Qrupuna üzv şirkətlər arasında Şəhid Qoşqar Ömərovun xatirəsinə həsr olunmuş mini futbol yarışının rəsmi açılışı olmuşdur.
Tədbiri giriş sözü ilə Hədəf Kursları Baş direktorun müavini Elvin Əliyev açaraq bütün yarış iştirakçılarına uğurlar diləmişdir. Sonra çıxış üçün söz Hədəf Kursları Baş direktoru Şəmil Sadiqə verilmişdir. Şəmil Sadiq öz nitqində Qoşqar müəllimlə bağlı xatirələrini bölüşmüş, kollektivimizdə hər zaman xatırlanacağını qeyd etmişdir. Yarış Respublikamızın Dövlət Himni ilə açıq elan olunmuşdur.
Qarayev filialı – Hədəf Nəşrləri, Nizami-Xırdalan, Yasamal- Sumqayıt komandaları yarışın ilk günü qarşılaşmışdır. 12 komandanın mübarizə aparacağı Çempionat təqribən 1 ay davam edəcəkdir.
Xatırladaq ki, Vətən müharibəsi şəhidi Qoşqar Ömərov Hədəf Kursları Nizami filialının riyaziyyat müəllimi idi. Vətən müharibəsi başlayan günlərdə Qoşqar Ömərov könüllü şəkildə döyüşlərə qoşulmuş və 4 noyabr 2020-ci il tarixində Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Onların xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaqdır!